Ümid boşboğazlığı | Orxan Bahadırsoy

Özümlə danışıram, yastığım gülür mənə.
Baxıram güzgülərə, yazığım gəlir mənə.
Bu elə bir oddu ki, yanır min ildi, sönmür.
Alovu da görünmür, tüstüsü də görünmür.

Bu yanğı öldürmədi, yoxluğun öldürmədi,
məni öldürmək üçün əzrayıl nə karədi?
Bu ömrün ipi uzun… ucu kimin əlində?
Axsayan bir it oldu, o hakimin əlində!

Tökdüm ətəklərimdən bu ömrün daşlarını.
Daradım saçlarımı, oxşadım qaşlarımı.
Üzümün qırışını ənlik-kirşanla örtdüm.
Dodağımın çatına rəngbərəng boya sürtdüm.

Öpdüm öz əllərimdən, öpdüm öz dizlərimdən.
Mənə qayıtmaq üçün tutdum öz izlərimdən.
Ruhuma ən yad olan qucaqlarda ovundum,
Hər gecəyə bir ovuc bəxşiş oldu ovuntum.

Nə axmaq təsəllidi, belə bitərmiş adam.
Özünü öz əliylə edam edərmiş adam.
Mənəm hələ səbr edən, mənəm hələ gözləyən.
Özümdən bezdirdiyim bir ruhu əzizləyən.

Gəlməyinçün önünə yoltək sərilən mənəm.
Mən o sənin gördüyün həmin səfiləm! Mənəm!
Hər səni düşünəndə «gələr» dedi ümidim.
Aldandım bu ümidə, gəlməzdin ki, əmindim.

Gözlədim, ha gözlədim, gəlmədin yenə, gördük!
Ümid də «səbr et» deyir, nə danışır bu sürtük?
 

0 şərh